Avtomat-satıcılar – artıq reallıqdır

Avtomat-satıcılar – artıq reallıqdır

Vendinq-biznes, digər biznes növləri kimi, mütəmadi gəlirin əldə edilməsinə yönəldilmiş sahibkarlıq fəaliyyətidir. Vendinq-biznesin məğzi - müasir üsullu xırda pərakəndə ticarətdir.
Vendinq-biznesin xaricdəki təcrübəsi və inkişaf tarixi göstərir ki, bu biznesin baniləri, fəaliyyətlərini vendinqə istiqamətləndirməklə, sadəcə yüksək gəlir əldə etməklə yanaşı müxtəlif məhsulların satışı ilə məşğul olan nəhəng şəbəkələr yaradır.

AzVen kompaniyasının icraçı-direktoru cənab Coşqun Cəbrayılov vendinq-biznes, onun üstünlükləri və Azərbaycandakı perspektivləri barəsində ətraflı məlumat verir.

- AzVen kompaniyası nə vaxtdan fəaliyyət göstərir və kompaniyanın əsas fəaliyyət istiqaməti nədədir?

- - AzVen kompaniyası 2006-cı ildə yaradılmış və öz fəaliyyətilə Azərbaycanda vendinq-biznesin əsaslarını qoymuşdu. Kompaniyamız dünya bazarında satış avtomatlarının qabaqcıl istehsalçısı olan AzKoyen İspan şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur. Biz müştərilərə isti və sərinləşdirici içki, porsiyalı qablamalarda müxtəlif məhsullar, siqaret satışı üçün geniş çeşidli ticarət avtomatları, eləcə də peşəkar qəhvə avadanlığı təqdim edirik.
AzVen şirkətinin əsas fəaliyyəti - ticarət avtomatlarının satışı, eləcə də qəhvə avadanlığı və satış avtomatlarının pulsuz olaraq quraşdırılması və servisi, vendinq üçün lazım olan inqridiyentlərin birbaşa çatdırılması, müştərilərə vendinq-biznes əsaslarının öyrədilməsi, vendinq-avtomatların (vendorların) texniki xidməti - bir sözlə, vendinq-biznesin Azərbaycanda inkişafıdır.

- Vendinq-biznes, onun üstünlükləri, prinsip və ümumi qaydaları haqqında daha ətraflı danışın.

- Vendinq - satış avtomatları vasitəsilə aparılan ticarət növüdür. Avtomatik satış ideyası qədimdən bəri ulu babalarımızı ruhlandırırdı. İlk primitiv satış avtomatı hələ qədim Misirdə mövcud idi. Aleksandriyalı riyaziyatçı Heron, e.ə. 215 ildə bu ticarət avtomatının təsvirini verərək, qeyd edirdi ki, həmin qurğu məbədlərdə müqəddəs suyun möminlərə verilməsi üçün istifadə edilir və alqı-satqı prosesi avtomatın içinə xırda pul atmaqla gerçəkləşirdi.

Minimal məsrəflər tələb edən və avtomatların istənilən yerə problemsiz çatdırılmasını mümkün edən vendinq, bu səbəblərdən çox gəlirli biznesdir. O, Avropa, Asiya və Şimali Amerikanın inkişaf etmiş ölkələrində çox populyardır. Nəhayət ki, öz inkişafının növbəti mərhələsində bu müasir ticarət növü bizim ölkəyə də gəlib çıxdı.
Vendinqin bir çox üstünlükləri var: birincisi, bu biznesə başlamaq çox asandır - sadəcə olaraq satış avtomatı alıb, onun quraşdırılması üçün münasib yer tapırsınız, içinə lazımi inqridiyentlər doldurub gəlir əldə edirsiniz - artıq Sizin də öz biznesiniz var! İkincisi, vendinqlə hər insan məşğul ola bilər, hətta minimal məsrəflərlə. Əgər vendorun yeri uğurludursa, ildə 300% qədər təmiz gəlir əldə edə bilərsiniz! Üçüncüsü, vendinq əlavə biznesiniz də ola bilər - onun servisini, əlavə qüvvə cəlb etmədən, elə özünüz də asanlıqla apara bilərsiniz, üstəlik sizin üçün əlverişli vaxtda (məsələn, əsas işinizdən sonra).
Qeyd edək ki, bir avtomat ayda 500-dən 1000 avroya qədər gəlir gətirə bilər, bundan əlavə, unutmayın ki, avtomat şəbəkəvaridir. İndi isə hesablayın - sizin 10, 50 və ya 100 ədəd avtomatınız olsa, gəliriniz neçə qat artacaq! Məsələn, Avropada, 50 000-dən çox avtomat işlədən şirkətlər də var.
Bundan əlavə, vendinq sabit biznesdir. Avtomat günün 24 saatı işləyir - beləliklə, gündəlik sabit gəlir gətirir. Avtomatların sayı artdıqca gəliriniz də artır - bununla yanaşı, əldə edilən gəliri gözləmədən, dərhal alırsınız.

Vendinq-biznesin riskləri minimaldır - hətta əgər avtomatı uğursuz yerdə quraşdırsanız, istənilən vaxtda onu daha sərfəli məkana apara bilərsiniz.
Daha bir üstünlük - avtomatların məhsul çeşidi zəngindir və onlar çox az yer tutur. Avtomatlarda qida məhsullarının saxlanılması üçün optimal şərait yaradılır. Onlar gecə-gündüz işləyir, istismarda etibarlı və davamlıdır. Belə maşını istənilən yerdə cəmi 1 kv.m. sahəsində quraşdıra bilərsiniz. Bundan əlavə, avtomatların gözəçarpan müasir görünüşü və tərtibatı müştərilərin diqqətini cəlb edir, ətrafdakı boş sahə isə reklam yerləşdirmək istəyən potensial müştərilər üçün çox cazibəlidir. Bu isə, əlavə gəlir mənbəyinə çevrilə bilər.
Qeyd edək ki, vendinq Azərbaycan üçün yeni biznesdir, bu səbəbdən biznesə təzə başlayanların hələ vaxtı və şansı var.

- Vendinq biznesin əsas istiqamətləri hansılardır?

-Bir qayda olaraq, bu biznesi qəhvə avtomatlarından başlayırlar, çünki başqa ticarət avtomatları ilə müqayisədə bu, ən gəlirli biznesdir. Qəhvə avadanlığına satışdan əlavə qəhvənin hazırlanması da daxildir. Bu avtomatlardan gəlir maksimaldır. Qiymətin üstünə qoyulan əlavə məbləğ 100-200%-ə qədər ola bilər. Bu səbəbdən məhz isti içkilər üçün nəzərdə tutulan avtomatlar xüsusilə populyardır.
Özəl şirkətlər, bir qayda olaraq, öncədən ən gəlirli seqmenti seçir - adətən bu, qəlyanaltı qida və isti içkilərin satışıdır. Ən gəlirli yerlər tutulduqdan sonra, yeni məkanların hesabına biznesi inkişaf etdirmək çətin olacaq - münasib nöqtələr artıq məşğul olacaq. Beləliklə, kompaniyalar «eninə» deyil, «dərinləşməyə» doğru inkişaf edəcək. Qəhvə avtomatının yanında qəlyanaltıların satışı üçün avtomat qoyulacaq. Nəzərə alsaq ki, yeni avtomat artıq aktiv işləyən qəhvə avtomatının yanında yerləşdiriləcək, əlavə məsrəflər tələb olunmayacaq: eyni ehtiyat hissələrindən istifadə ediləcək, hesabat da identik aparılacaq və s. Sonra bu 2 avtomatın nəzdində 3-cüsü yerləşdiriləcək - məsələn, sərinləşdirici içkilər və ya telefon kartlarının satışı üçün. Beləliklə, tədricən ticarət avtomatlarının silsiləsi yaradılır.
Bu vendinq-biznesin ən mümkün olan inkişaf yoludur.
Konstruksiya baxımından bütün satış maşınlarını avtomatlaşdırılmış modellərə (masaüstü və yerüstü) və mexaniki aparatlara bölmək olar. Daha çox populyar olan yerüstü modellərdir. Onlar, öz növbəsində, yalnız hazır məhsulların (şüşə və bankalarda qablaşdırılan sərinləşdirici içkilər, kiçik qablamalarda satılan məhsullar - şokolad, çips, siqaret, saqqız və s.) satışı üçün və isti içkilərin hazırlanıb satılması üçün nəzərdə tutulan aparatlara (espresso qəhvəsi, çay, kappuçino, isti şokolad, südlü qəhvə və s.) bölünür.

AzVen şirkətinin müştərilərə təqdim etdiyi və isti içkilər üçün nəzərdə tutulan avtomatların sırasında Veneto modelini xüsusi qeyd etmək lazımdır. Bu avtomat əsl qəhvənin nə olduğunu bilənlər üçündür. Həmin avtomatda espresso qəhvəsinin hazırlanması prosesi eyniliklə klassik texnologiyaya uyğundur. Aparat qəhvəüyüdən cihazla təchiz olunub ki, onun vasitəsilə qəhvə dənləri içkinin hazırlanması və dəmlənməsi zamanı xüsusi üsulla üyüdülür. 2006-cı ildə bu modellər üçün sərinləşdirmə modulu hazırlanıb istehsalata buraxılmışdır - belə ki, onun sayəsində təkcə ətirli qəhvə və digər isti içkilər deyil, həm də sərinləşdirilmiş süd kokteylləri, soyuq çay və s. müştərilərə təqdim edildi. Veneto modeli bir sıra xüsusiyyətlərə malikdir - özünüdiaqnostika etmə və təmizləmə funksiyası (taymer üzrə proqramlaşdırılır), qoşma/qapatma taymeri, proqramlaşdırılan alternativ qiymət siyahısı, əvəz edilə bilən ön panellər, pulsuz bonus payı verilməsinin proqramlaşdırılması və s. Eyni zamanda bu avtomat dolğun statistik məlumatın, o cümlədən, satılan porsiyaların adı və miqdarı, qəbul olunan pul nominallarının və qaytarılan pul miqdarına dair informasiyanın noutbuka, portativ printer və ya elektron açara köçürülməsinə imkan verir.

- Adətən satış avtomatlarını harada yerləşdirirlər?

- Bu avtomatları, demək olar ki, hər yerdə quraşdırmaq olar. Aparatların yığcam qabariti buna imkan verir. Effektiv ticarətin qanunlarını nəzərə alıb, vendorlara mini-mağaza kimi baxmaq lazımdır. Yerin seçilməsinə diqqətlə yanaşın, çünki əldə edəcəyiniz gəlir bir-başa bu amildən asılıdır. Satış həcminin böyük olması üçün məkanların düzgün seçilməsi mühüm rol oynayır.

Satış avtomatları üçün ideal yer - iri zal, holl və ya böyük müştəri axını olan ofislərdir. Belə məkanlarda istehlak daim artacaq. İstisna deyil ki, kimsə avtomatın yanından on dəfə keçib heç nə almasın. Amma həmin insan digərlərinin ləzzətlə ətirli qəhvə içməsini müşahidə edəcək. Müəyyən vaxtdan sonra o da mütləq həmin içkinin dadına baxmaq istəyəcək. Bir azdan isə «daimi müştərilərin» sıralarını artıracaq.
Avtomatların yerləşdirilməsi üçün çox münasib yerlərdən biri də Aeroportdur. Avtovağzal, dəmiryolu vağzalı - ümumiyyətlə, insanların toplaşdığı gözləmə məkanları, eləcə də elit xəstəxanalar, ticarət və turist mərkəzləri avtomatların yerləşdirilməsi üçün çox münasibdir. Ali Təhsil müəssisələri və məktəbləri də unutmaq lazım deyil.

- Potensial alıcılarınıza nə kimi şərtlər təklif edirsiniz?

- - İri sifarişlər üçün çox əlverişli qiymətlərə avtomatlar təklif edirik. Daimi müştərilər üçün xüsusi güzəştlər nəzərdə tutulur. Tezliklə lizinq yolu ilə avadanlığın satışını gerçəkləşdirməyi düşünürük - belə olduqda, hər kəs cəmi 30% ilkin ödənişlə satış avtomatı əldə edə bilər. Bundan başqa, hər növ avadanlığa AzVen tərəfindən 1-illik zəmanət verilir - bu dövr ərzində hər hansı bir texniki problem çıxdıqda AzVen şirkətinin hesabına aradan qaldırılır.
İspaniyanın istehsalçı-zavodunda treninq keçmiş texniki personalımızın kvalifikasiyası istehsalçının rəsmi sertifikatları ilə təsdiqlənir. Avtomatların texniki servisini zəmanətdən sonrakı dövrdə də təmin etmək üçün istənilən imkanlarımız mövcuddur.

- Azərbaycanda vendinq-biznesin inkişafına dair proqnozlarınız necədir?

- Bu gün dünya vendinq-biznesi milliardlarla ölçülən dövriyyəyə malikdir. Ölkələrarası avtomat şəbəkələri yüz minlərlə avtomat istismar edir. Məsələn, Yaponiya, Cənubi Koreya və bir sıra Avropa ölkələrində 20-40 nəfərə 1 satış avtomatı düşür. Vendinq-biznesin dünya lideri Yaponiyadır - əhali sayının 125 milyondan artıq olduğu təqdirdə burada 7,5 milyon avtomat istismar edilir. Müqayisə üçün - Avropada avtomatların sayı 4,1 milyondur. Azərbaycanda bu bazar elə indilərdə yaranır. Yerli bazarın spesifikasını nəzərə alaraq, eləcə də ümumdünya və bizə daha yaxın olan Rusiyanın təcrübəsinə isnad edərək, proqnozlaşdırmaq olar ki, təkcə Bakıda ticarət avtomatlarının potensial miqdarı 15 mindir.
Respublikamızda iqtisadi inkişafın templərini nəzərə alaraq, əmin ola bilərik ki, vendinq-biznes kütləvi populyarlıq qazanacaq. Dünya təcrübəsində bu biznes özünü çoxdan doğruldub - deməli, onun inkişaf perspektivləri şübhə doğurmur.

Yaponiyanın ən kiçik şəhərində, kəndlərində belə ticarət avtomatlarına addım-başı rast gəlmək olar - dəmiryolu platformalarında, mağazaların yanında, yol qırağında, özü də bu aparatlar heç mühafizə olunmur. Avtomatların istehsalı və yayılmasının ən çılğın vaxtı, 1964-cü ildə Tokioda keçirilən Olimpiya oyunlarına hazırlıq dövrünə təsaduf edir. Çoxsaylı insan kütləsini məhdud ərazidə, məhdud personalı cəlb etməklə ən müxtəlif məhsul və xidmətlərlə təmin etmək problemi qarşıya çıxdı. Problem həll olundu - nəticədə isə bu gün Yaponiyada 7 milyondan artıq avtomat fəaliyyətdədir.

Kəmalə Rəhimova
"Azerbaijan Business"